Mavi dənizin sahilində (film, 1935)
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi.
Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.
Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.